Həyatı
Aristotel Frakiyanın Stagira şəhərindən idi. Platonun tələbəsi olmuş, müəlliminin ölümündən sonra bir müddət Kiçik Asiyada yerləşən Atarne, sonra isə adasındakı Militena şəhərində yaşamışdır. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir.
Aristotel m. ö. 367-ci ildə Afinaya köçmüş, Platonun Akademiyasında fəaliyyət göstərmişdir. E.ə. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçmüş, onun sarayında gənc şahzadə Aleksandrın (Makedonlu İskəndərin) müəllimi olmuşdur. M. ö. 335-ci ildə Afinaya qayıtmış, orada Likeion (yun. Λύκειον) adlanan öz fəlsəfi məktəbini açmışdır. Onu “Peripatetik” (ərəbcə “məşşai”) məktəb də adlandırırlar. Yaxınlığında yerləşən yunan tanrısı Likeionlu Apollonun adı ilə adlanmışdır. Latınca “lyceum” (liseum) kimi səslənir. Günümüzdə “liseylər” adlanan məktəblər Aristotelin likeionunun adını daşıyır.
Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlamışdırlar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçmüş və orada dünyasını dəyişmişdir.
Fəlsəfəsi
Platonun tənqidi
Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir. O demişdir:
![]() | Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür | ![]() |
Aristotelə görə ideyalar və gerçək dünya bir-birindən fərqli məkanlarda mövcud ola bilməz. Çünki, bir şeyin kölgəsi başqa məkanda deyildir. Onların hər ikisi bir yerdə olmalıdırlar. Ona görə də, onlar birlikdə vəhdət təşkil edirlər.
Eyni zamanda, Platonun ideyaları bu dünyadakı hərəkəti, eləcə də şeylərin və canlıların yaranması, inkişafı, məhv olması və ölümünü izah etmir. Çünki, onlar (ideyalar) gerçək aləmdən uzaq olan başqa aləmdədirlər və daha çox sükunəti təcəssüm etdirirlər. Bundan başqa Platonun nəzəriyyəsi dünyadakı şeylərin dərk olunmasını imkansız edir, çünki onların əsl mahiyyəti özlərində deyil, bizim duymadığımız ideyalarda olur.[2]
"İlk mühərrik" haqqında
Bu səbəblər üzündən Aristotel varlığı başqa cür təsəvvür edirdi. Onun fikrincə hər şeyin əsasında hər zaman var olan materiya durur. O elə cansız və ruhsuz bir maddədir ki, ondan hər şeyi yaratmaq mümkündür[3]. Bu yaradılış prosesini də “İlk mühərrik” (yun. τὸ πρῶτον κινοῦν) adlanan bir başlanğıc həyata keçirdir. Aristotel onun varlığını hərəkətin varlığı ilə əsaslandırmışdır, çünki bir şey hərəkətdədirsə onda bu hərəkətə təkan verən olmalıdır. Hər şeyi hərəkətə gətirən “İlk mühərrikin” özü isə hərəkətsizdir[4]. O materiyanı canlandırır və ondan bitki, heyvan və insanlar kimi canlılar yaradır. Bu dulusçunun gildən düzəltdiyi müxtəlif şeylərə bənzər bir prosesdir. Məsələn, “İlk mühərrik” ilkin olaraq insanın formasını və ya Platonun ifadəsi ilə desək, onun ideyasını düşünür. Sonra ona öncə düşündüyü görkəmdə bədən verir və bununla da insan yaranmış olur. Bütün dünya və kainat əslində maddədən (materiyadan) ibarətdir. Beləliklə, Aristotelin istifadə etdiyi “forma” anlayışı, Platonun “ideyasına” çox yaxın məna daşıyır.
Aristotelə görə “İlk mühərrik” insanların ibadət etdiyi tanrı deyildir. O maddə də deyil, “Əqldir” (yun. νοῦς). Planonun Demiurqosundan fərqli olaraq, Aristotelin “İlk mühərriki” ideyalardan kənar olan bir gerçəklik kimi qəbul edilir. O hər zaman fəaliyyətdədir və cansız materiyaları formalaşdırır. Bu fikirlər sonralar xristian və müsəlman fəlsəfəsində də istifadə edilmişdir.
Aristotel “metafizika” sözünü birbaşa işlətməsə belə, mənaca bu anlayışın əsasını qoyan ilk filosof kimi tanınmışdır. Metafizika fəlsəfənin predmeti olaraq təbiət üstü aləmlə bağlı problemlər haqqında təsəvvürlərdir. Metafizika həm də dialektikaya qarşı durur. Metafizikanı fəlsəfənin predmeti kimi ilk dəfə fəlsəfi ədəbiyyata daxil edən və onun ilkin anlamını verən də Aristotel olmuşdur.
Forma və materiya haqqında
Ümumiyyətlə, Aristotel fəlsəfəsində formaya xüsusi əhəmiyyət vermiş və o təbiətlə eyniləşdirilmişdir[6]. Onsuz materiya yalnız bir imkandır (potensiyadır). Məsələn, daşların bir araya yığılması imkan verir ki, bina tikilsin (forma alsın). Ancaq, o bina tikilməzsə daşların bir araya yığılmasının heç bir mənası yoxdur. Deməli, imkanın varlığı əhəmiyyətli olsa belə, o həlledici amil deyildir. Hərəkət olmasa imkan keyfiyyətə keçməz. Kainatı təşkil edən materiya da belədir. Ondan formalar yaranmasa, mənasız bir şey olar. Deməli əslində hər şey materiya və formanın vəhdətindən ibarətdir [7].
Beləliklə, Aristotel formaları şeylərdən ayırıb, onları substansiya kimi təsəvvür edirdi. Materiya isə Aristotelin fəlsəfəsində “İlk mühərrik” kimi əbədidir, o yaradılmayıb və məhv edilməzdir. Onun əsasını dörd ünsür (od, hava, su və torpaq) təşkil edir. Bu ünsürlər həm də dərk edilməyən “İlk mühərriklə” reallıqda mövcud olan və duyulan aləm arasında bir bağlantı və keçiddir. Duyulan şeylərin isə bir-birinə zidd olan iki cüt xassəsi vardır. Biri isti-soyuq, digəri isə quru-nəmdir. Yuxarıda qeyd edilən dörd əsas element isə bunların xassələri vasitəsi ilə formalaşır. Dünyada bütün duyulan şeylər yuxarıda qeyd edilən elementlərin kombinasiyalarının nəticəsidir. İlk materiyadan fərqli olaraq onlar dərk olunur və əsas kateqoriyalar vasitəsi ilə təyin edilir.
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər) |
Qədim yunan fəlsəfəsi
(e. ə. VII - IV yüzilliklər)
Klassik yunan fəlsəfəsi
1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen • Diogen • Bion Boristenes • Kerkidas • Kratet və Hipparxia Kirenaçılar → Aristippus • Hegesias • Annikeris • Teodorus • Evhemerus Meqaraçılar → Evklides • Stilpon • Evbulides • Diodorus Kronus Eretriyaçılar → Elidalı Fedon • Eretriyalı Menedem
2. Platon və erkən platonçular:
Spevsippus • Ksenokrates • Polemon • Krates • Heraklides • Eudoksus • Arkesilaus
3. Aristotel və erkən peripatetiklər:
Teofrastus • Evdemus • Straton • Dikearxus • Aristarxus • Demetrius • Aristoksenus |
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV - I yüzilliklər) |
Qədim Roma dovrünün fəlsəfəsi
I - V yüzilliklər
Stoaçılıq
Neoplatonizm
Roma məktəbi → Ammonius Sakkas • Plotin • Porfirius • Amelius
Apameya məktəbi → Yamblix • Sopater Perqama məktəbi → Sallustius • Yulian Avqust Afina məktəbi → Afinalı Plutarx • Proklus • Marinus • Simplikius • Damaskius |
Kateqoriyalar və çevrənin qavranılması
Aristotel kateqoriyalar və çevrənin qavranılması (idrak) prosesi barəsində də özəl düşüncələrlə çıxış etmişdir. Müəyyən bir şey haqqında tam təsəvvür yalnız onun mahiyyətinin bilinməsindən sonra yaranır. Bu da Aristotel fəlsəfəsinin ən əsas məqamlarından birini təşkil edir. O hər şeyin mahiyyətinin izahını vermək üçün kateqoriyaları (yun. κατηγορία – ittiham, xassə, deyim) tətbiq etmişdir. Kateqoriyalar hər bir anlayışın, ifadənin, həqiqətin ən ümumi və sadə formasıdır ki, onların əsasında bir tərəfdən digər anlayışlar (idrak kateqoriyaları), başqa tərəfdən isə dərk edilən obyektlərin gördüyümüz varlıq formaları (varlıq kateqoriyası) ortaya çıxır. Başqa sözlə, kateqoriya reallığın ən əhəmiyyətli tərəflərini əks etdirən ümumi anlayışdır.
Bununla da, Aristotel qavram (idrak) və varlıq kateqoriyalarının münasibətlərini araşdıran qavram (idrak) nəzəriyyəsinin əsaslarını qoymuşdur. Onun “Orqanon” (yun. Ὄργανον) əsərinin birinci kitabı “Kateqoriyalar” adlanır. Orada 10 kateqoriya göstərilmişdir:
- Substansiya (yun. οὐσία),
- Kəmiyyət (yun. ποσόν),
- Keyfiyyət (yun. ποιότης),
- Münasibət (yun. τὸ πρός τί),
- Məkan (yun. τὸ που),
- Zaman (yun. τὸ πότε),
- Hal (yun. τὸ κεῖσθαι),
- Fəaliyyət (yun. τὸ ποιεῖν),
- Məxsusluq (yun. τὸ ἔχειν)
- Məruz qalma (yun. τὸ πάσχειν)[8].
Aristotelə görə hər bir şeyin mahiyyətinin açılmasının əsasında bu kareqoriyalar durur.
İdrak (çevrənin qavranılması) haqqında Aristotel subyektdən asılı olmayan obyektiv reallığın mövcudluğu mövqeyindən çıxış edirdi. O hesab edirdi ki, ətrafımızda olan şeylər insanda duyğular vasitəsi ilə əks olunur. Həqiqi biliyi ideal aləmdə görən Platondan fərqli olaraq Aristotel hesab edirdi ki, insandan asılı olmayan real dünya vardır. Orada olan hər bir şeyi insan öncə duyğu vasitəsi ilə qavrayır. Bilik və yüksək ağıl formaları isə duyğu yolu ilə əldə edilmir. Bunlar daha yüksək əqli fəaliyyətlə əldə edilir.
Məntiq
Aristotel tərəfindən kateqoriyaların fəlsəfi izahının verilməsi həm də məntiq elminin inkişafına təsir etmişdir. Çünki, hər bir şeyin mahiyyətində duran anlayışların müəyyən edilməsi o şey haqqında tam təsəvvür yaradır. Beləliklə, Aristotel məntiq elminin inkişafında müstəsna rol oynamışdır. Onun üçün məntiq ayrıca elm deyil, hər bir elmin əsasıdır. Aristotelin məntiq haqqında təlimi də “Orqanon” əsərində verilmişdir.
Aristotel hesab edirdi ki, məntiq sübutlar haqqında elmdir. Əqli fəaliyyət gerçəklikdə var olan şeyləri əks etdirir. Məntiqi mülahizə və əql yolu ilə əldə edilən nəticə, fikir və terminlər bir-birinə zidd olmamalıdır. Bu fikirlərin əsasında isə sonralar sillogizm (yun. συλλογισμός) haqqında təlim yaranmışdır[9]. Bu təlimə görə, hər hansı bir ümumi növ ya cins haqqında irəli sürülən fikir o növə və ya cinsə aid olan ayrıca fərd haqqında da irəli sürülməlidir. Buna görə də, sillogizmlər böyük və kiçik önərmə (mülahizə) və qərardan ibarətdir. Önərmə qərarın verilməsinin təməlində duran iddia və ya fikirdir. Böyük önərmə ümumi nəticəni, kiçik önərmə isə subyekt haqqında nəticəni açır. Sillogizmin örnəyi kimi belə bir üçlü mülahizəni gətirmək mümkündür:
![]() | “Hər bir insan ölməlidir (böyük önərmə). Sokrat da insandır (kiçik önərmə). Deməli, Sokrat da ölməlidir (qərar). | ![]() |
“Sofistlərin təkzib edilməsi” kitabında Aristotel yazırdı ki, bütün məntiqi yanlışlıqların kökü sillogizmlərdə olan yanlışlıqlardadır. Bu yanlışlıqlar isə ikiyə bölünür: bir qismi dilin xətaları, digəri isə anlamların təhrifidir. Dildəki xətalar sözlərin çoxmənalılığından, vurğuların düzgün qoyulmamasından irəli gəlir. Məna xətalarının isə səbəbi şeylərin mahiyyətinə deyil, onların təsadüfi tərəflərinə varmaq, mütləqlə nisbini fərqləndirməmək, sualları düzgün qoymamaq kimi amillərdən irəli gəlir[10].
Daha sonra Aristotel “Orqanon” əsərinin “Topika” (yun. Τοπικά) kitabında həqiqət anlayışını izah edən məntiqi dialoqlarını vermişdir. Burada o həqiqətin açılması üçün hər bir şeyin ilkin durumunun açılmasını və onun mahiyyətinin üzə çıxarılmasını tövsiyə etmişdir[11]. Onun fikrincə mülahizələrin istiqaməti də buna doğru sürülməlidir. Yəni həqiqi fikir mahiyyətə yönəlməlidir. Çoxmənalı söz haqqında fikir söylədikdə onu irəli sürülən iddianın mənasına uyğunlaşdırmaq lazımdır. Məsələn, “təbiət” sözünü insan və ya çevrəmizdə olan bütün canlılar mənasında işlətmək mümkündür. Ona görə də, istifadə edilən söz irəli sürülən fikrə uyğun olmalıdır.
Aristotelə görə məntiqi dialoqda sistem də olmalıdır. Öncə problem ortaya qoyulmalı, sonra mülahizənin induktiv (tək-tək hallardan ümumi nəticələrə, ayrı-ayrı faktlardan ümumiləşdirmələrə gətirən məntiqi nəticənin çıxarılmasıdır) ya deduktiv (ümumi müddəa ya da qanunlardan fərdi nəticənin çıxarılmasıdır) metodlarla irəli sürülməsi yolları haqqında düşünülməli, məsələlərin bənzər və fərqli tərəflərinə diqqət yetirilməlidir. Suallar doğru və konkret qoyulmalı, cavabların isə strategiyası olmalıdır
Ruh haqqında[redaktə | əsas redaktə]
Platon kimi Aristotel də ruh haqqında düşünmüşdür. O, ruhu həyatın əsası hesab edirdi. Ruh maddə və bədənin forması, onların hərəkətlərinin səbəbi və məqsədidir. O bitki, heyvan və insanlarda yaşayır. Ruh bədənlə birlikdə var olsa belə, ondan daha üstündür. Beləliklə, Aristotelə görə bədən ruha tabedir[13].
Platonda olduğu kimi, Aristotel də ruhların səviyyələri haqqında söhbət açmışdır. Onun fikrincə ruhların üç səviyyəsi vardır. Birincisi bitkiseldir (nəbatidir) ki, onun sayəsində fiziki inkişaf baş verir. İkincisi səviyyə nəfsani (heyvanidir). Bu səviyyədə ruh artıq görmək, eşitmək, duymaq, toxunmaq; ehtirasa və iştaha gəlmək kimi xüsusiyyətlərini təmin edir. Üçüncüsü isə düşüncəvidir ki, o ruhun ən yüksək səviyyəsidir[14].
Aristotelə görə bitkilərdə ruhun yalnız bitkisel, heyvanlarda nəfsani, insanlarda isə həm bitkisel, həm nəfsani, həm də düşüncəvi səviyyəsi vardır. Məhz düşüncəvi səviyyəsini inkişaf etdirən, xeyrə yönələn, mənəvi cəhətdən yüksələn, müdrikliyə çatan insanlar xoşbəxt olurlar.
Heyvanlar xoşbəxtliyin nə olduğunu bilmir, tanrılar isə daim xoşbəxt həyat keçirirlər. Yalnız insan öz xoşbəxtlik yolunu seçmək ya da onu inkar etmək imkanındadır. Aristotelə görə xoşbəxt olmaq üçün ruhun düşüncəvi səviyyəsini inkişaf etdirmək lazımdır ki, insan heyvanlardan seçilsin.
Əxlaq haqqında
Aristotel əxlaq haqqında fikirlərini də ortaya qoymuşdur. Onun fikrincə əxlaqın məqsədi ruhun Xeyrə yönəlməsidir[15]. Bu isə insanı xoşbəxtliyə çatdırır. Bu yolda ruhun əqli səviyyəsi bitkisel və nəfsani səviyyələri üstələyir. Bunu əldə etmək üçün insan özünü Xeyrə yönəltmə istiqamətdə tərbiyələndirməlidir ki, bu da sonra vərdiş halını alsın və zaman keçdikcə insanın xüsusiyyətinə çevrilsin. Bununla belə xoşbəxt olmaq üçün sağlamlıq, yaxşı görkəm, müvafiq maddi durum kimi keyfiyyətlər də olmalıdır.
Xeyrin özəlliyi isə hər bir aşırılıqdan uzaqlaşmaqdır[16]. Məsələn, qorxaqlıq və məğrurluq aşırılıqlardırsa, bunların arasında olan comərdlik əxlaqın əsası olan Xeyirdir. Yenə də israfçılıq və xəsislik aşırılıqlardırsa, qənaətçilik məqsədəuyğun əxlaq nümunəsidir[17].
Aristotelə görə insan həyatdan həzz almalıdır, bu da Xeyrə çatmanın nəticəsində baş verir. Beləliklə, insanın mənəvi durumu o zaman yüksək olur ki, o etdiyi əməllərin doğru və xeyrə uyğun olduğunu hiss etsin. Əxlaqlı hərəkət isə hər hansı bir xeyirli işin görülməsi ilə dəyərləndirilmir, çünki xeyir əməllər çoxdur və insanlar onları eyni dərəcədə bütün həyatları boyu etməlidirlər ki, həyatdan həzz alsınlar[18]. Hər bir insan təbəqəsinin öz əxlaqi vəzifələri vardır. Eyni zamanda, ədalət anlayışı kimi hamı üçün bir olan xeyir vardır ki, ona hamı əməl etməlidir. Qeyd etmək lazımdır ki, hər bir əxlaqi hərəkət şüurlu olaraq yerinə yetirilir. Deməli, əxlaq düşüncə ilə sıx bağlıdır və buna görə də, insanın xeyirlə şəri bir-birindən ayırmaq imkanı vardır
Kosmologiyası
Aristotelin özəl kosmologiası olmuşdur. Onun kosmologiasının əsasını yermərkəzçilik (geosentrizm) təşkil edirdi. Bu da yerin kainatın mərkəzində yerləşməsi haqqında təsəvvürdür. O hesab edirdi ki, yer kürə formasında olaraq hərəkətsizdir. Onun ətrafında ay, günəş, ulduzlar və göy fırlanır. Yermərkəzçilik təlimi orta əsrlər fəlsəfəsində kosmoloji baxışların formalaşmasında çox böyük rol oynamışdır.[19]
Fizikası
Fizika sahəsinə toxunan Aristotel hesab edirdi ki, dünyanın əsasını beş ünsür təşkil edir. Onlardan dördü torpaq, su, hava və od bizim səmaaltı dünyadadır[20]. Onlar hərəkətdədir və eyni zamanda formalarını da dəyişdirə bilərlər. Buna görə də, dünyada müxtəlif proseslər baş verir və dəyişikliklər müşahidə edilir. Bu ünsürlər isə öz növbəsində iki qütblü və ziddiyyətli ikiliklərdən yaranır. Belə ki, yer soyuqla istinin, hava quru ilə nəmin, su soyuqla istinin, od isə isti ilə qurunun əlaqələrindən doğur[21].
Aristotelə görə göydə olan nə varsa beşinci ünsür olan efirdən əmələ gəlmişdir[22]. Orada yalnız planetlərin və ulduzların əbədi və bərabər dairəvi hərəkəti mövcuddur. Bütün bunları isə simasız tanrı kimi təsəvvür edilən “İlk mühərrik” əmələ gətirmişdir. Onun fikirlərinə görə, kosmos sonsuz deyildir, onun bitdiyi yerdən yoxluq başlayır[23].
Bu fikirlər orta əsr Xristian və İslam teologiyasında (ilahiyyatında) da geniş istifadə edilmişdir. Belə ki, orta əsrlərdə ilahiyyatçılar düşünürdülər ki, günah yerlə bağlı bir şeydir, ona görə də göy ünsürləri yerdəkilərdən fərqlənməlidir. Çünki, ideal aləm olaraq efir Tanrı və onun məlaikələrinin yeri kimi təsəvvür edilirdi. Bu səbəbdən də, varlığın başlanğıcı və sonu Tanrıdır. Yoxluq da buradan başlayırdı. Sonra isə elm inkişaf etdikcə sübut olunmuşdur ki, əslində yer və göy ünsürləri arasında heç bir fərq yoxdur. Bu da onu göstərirdi ki, Aristotelin bu kimi fikirləri artıq köhnəlmişdir.
Dövlət və cəmiyyət haqqında
Aristotel dövlət və cəmiyyət haqqında da fikirlərini ortaya qoymuşdur. O, Platonun ideal dövlət haqqında təlimini tənqid etmişdir. Platonun ideal dövlətindən fərqli olaraq Aristotelin dövləti utopik deyil, gerçəklik kimi təsəvvür edilir. Bu dövlət modelində insanların xoşbəxtliyi əsas şərtdir, ancaq burada bütün münasibətlər gerçək və düşüncə ilə uyuşan müddəalara əsaslanır[24].
Dövlətin başlıca məqsədi xeyrin və ədalətin qurulmasıdır. İnsan öz təbiətinə görə şüura malik ictimai heyvandır[25]. O yalnız icma şəklində yaşayıb tərbiyə oluna bilər. Buna isə yalnız dövlətdə nail olmaq mümkündür. Ona görə də, insan həm də siyasi varlıqdır[26].
Əsl ədalət qanunların mövcudluğu ilə xarakterizə olunur. Dövlətdə yaşayan insanlar isə mütləq şəkildə qanunlara tabe olmalıdırlar. Bu isə əslində hər bir insanı ucaldır. Ona görə də, dövlət inkişaf etmiş cəmiyyətlərin birliyidir.
Eyni zamanda, cəmiyyətin əsasını həm də ailə təşkil edir. Ona görə də onun qanun və strukturunu Aristotel dövlətlə əlaqələndirirdi. Onun fəlsəfəsində ailə ictimai həyatın ilk mərhələsi kimi xarakterizə edilir[27], cəmiyyət və dövlət isə eynilik təşkil edir. Dövlətin məqsədi hər bir vətəndaşın xoşbəxt və güvəncli yaşamasını təmin etməkdir[28].
Aristotel quldarlıq cəmiyyətinin tərəfdarı idi, bu quruluşu da təbii durum kimi dəyərləndirmişdir. Tale insanların bir qismini hakimiyyət üçün, digərlərini isə onlara xidmət etmək üçün yaratmışdır. Buna baxmayaraq Aristotel aşırı olaraq varlanmağa da qarşı olmuşdur.
Həm də Platondan fərqli olaraq Aristotel insanların şəxsi mülkiyyətinə böyük önəm vermişdir[29]. O, dövlətdə yaşayan azad insanları mülkiyyətlərinə görə siniflərə bölürdü. Bunlar da varlılar, orta təbəqə və yoxsullar idilər[30]. Aristotelin bu fikirləri sonralar kommunist və başqa solçu təlimlərində istifadə edilmişdir. Orada təbəqələşmə burjua, ziyalı və fəhlə-kəndli sinfi kimi verilmişdir. Bu bölgüdə Aristotel ən çox orta təbəqəyə əhəmiyyət verirdi. Çünki, varlılarla yoxsullar arasında davamlı ziddiyyətlər vardır. Ona görə də o, dövlətin sabitliyi üçün orta təbəqənin möhkəmlənməsini vacib bilirdi. Aristotel düşünürdü ki, dövlətdə yoxsulların sayı artmamalıdır, çünki belə olarsa sabitlik pozula bilər[31].
Aristotelə görə siyasət insanların dövlətdə öz həyatlarını yüksək səviyyədə qurmaq və yönləndirmək üçün istifadə etdikləri vasitədir. Onun məqsədi insanları xeyrə doğru yönəltməkdir[32]. Ancaq, insanların çoxlu əskiklikləri də vardır. Ona görə də siyasətin məqsədi onları tərbiələndirməkdir. Beləliklə, hər bir vətəndaş qanunlara və hakimiyyətə tabe olmalı, öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bu məqsədlə də dövlət cəmiyyətə uyğun olan siyasi quruluşu seçməlidir.
Aristotel dövlətdə insanlar nemətlər əldə etmək üçün birləşirlər. Dövlət vətəndaşlara həddən artıq varlanmaq imkanı verməməlidir. Hər hansı bir şəxsin həddən artıq hakimiyyət əldə etməsinin də qarşısı alınmalıdır. Dövlət həm də kölələri öz tabeçiliyində saxlamalıdır. Varlı vətəndaşlardan fərqli olaraq kölələr və yoxsullar dövlət işlərində iştirak edə bilməzlər.
Onu da qeyd etmək lazımdır ki, Aristotelin dövlət və siyasət haqqında fikirləri yunanlara ünvanlanmışdır. Başqa millətləri o barbar hesab etmiş, onların kölə ruhlu olduqlarını iddia etmişdir[33]. O qeyd edirdi ki, əgər yunanlar obyektiv səbəblər üzündən yaşadığı yerlərdə məqsədəuyğun dövləti qura bilmirlərsə, onda onlar xarici qüvvələrə müraciət edə bilərlər. O, burada əsasən makedoniyalıları nəzərdə tuturdu. O düşünürdü ki, onların vasitəsi ilə İran məğlub edilməli və bu ərazilərdə yeni yunan dövlətləri yaranmalıdır. Bunu isə öyrəncisi Makedonlu İskəndər reallaşdırmışdır.
Dövlət quruluşu haqqında
Aristotelə görə bir necə dövlət quruluşu vardır. Onlar düzənli (nizamlı) və düzənsiz (nizamsız) olmaqla iki yerə bölünürlər.
Düzənli quruluşlar:
- Monarxiya bir adamın (kralın) hakimiyyəti;
- Aristokratiya yüksək imtiyazlı siniflərin hakimiyyətidir. Burada tək adamın deyil, azlığın hakimiyyəti həyata keçirilir.
- Politiya çoxluğun maraqlarını əks etdirən çoxluğun hakimiyyətidir, bu həm də mötədil demokratiyadır. Bu idarəetmə sistemi çox az millətlərdə ola bilər. Orada hər şey (əxlaq, rifah və s.) mötədildir, hədlər aşılmır, aşırılıqlara yol verilmir[34].
Düzənsiz quruluşlar:
- Tiraniya belə bir monarxiya quruluşudur ki, orada bir nəfər hakimiyyəti öz şəxsi maraqları üçün istifadə edir.
- Oliqarxiya öz maraqlarını güdən imtiyazlı siniflərdən olan azlığın hakimiyyətidir.
- Demokratiya isə cəmiyyətdə çoxluqda olan yoxsulların və azad vətəndaşların hakimiyyətidir. Bununla belə, demokratiya başqa düzənsiz hakimiyyətlərin arasında ən yaxşısıdır.[35]
Düzənsiz quruluşlarda hakimiyyəti əldə etmişlər öz şəxsi maraqlarını güdürlər.
Monarxiyadan yayınma tiraniyaya, aristokratidan yayınma oliqarxiyaya, polisiyadan yayınma demokratiyaya, demokratiyayadan yayınma isə oklokratiyaya gətirib çıxardır. Oklokratiya isə demokratiyanın aşırı formasıdır. Bu quruluşda boşboğazların (demaqoqların) idarə etdiyi kütlə öz istəyi və nəfsinə uyğun olaraq hakimiyyət qurur[36]. Bu kimi quruluş əsasən ölkələrdə qarışıqlıq zamanı ortaya çıxır.
Təsiri
Aristotelin fəlsəfi irsi bəşəriyyətin düşüncə tarixində çox böyük izlər buraxmışdır. Ellinizm və Roma dövrləri, sonra isə orta əsrlər boyu filosoflar və alimlər Aristotelin əsərlərindən bəhrələnmiş, öz dünyagörüşlərini formalaşdırmışlar. Peripatetiklər adlanan bu filosoflar onun fəlsəfi irsinə müraciət edərək onu inkişaf etdirmişdirlər.
Aristotelin təliminin əsasında Tomas Akvinas "Tomizm" katolik kilsəsinin fəlsəfəsini yaratmışdır. Ümumiyyətlə Avropanın Dirçəliş dövrünə qədəm qoymasında Aristotel irsinin əhəmiyyəti böyük olmuşdur.
Əl-Fərabi, İbn Rüşd kimi orta əsr müsəlman filosofları da Aristotelin irsindən geniş istifadə etmiş, onlara şərhlər yazmışdırlar. Onlar Şərq peripatetizminin əsaslarını qoymuşdurlar.
Əsərləri
Aristotel qədim dünyanın ən böyük filosoflarından biri olmuşdur. Onun elmi fəaliyyəti nəticəsində qədim yunan fəlsəfəsi ən parlaq dövrlərini yaşaya bilmişdir. O, ilk dəfə insan düşüncəsinin bütün sahələrini əhatə edən fəlsəfi sistem yarada bilmişdir; məntiq, təbiət, metafizika, ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə aid əsərlər yazmışdır.
Bu kitablar bütün dünyada tanınmış və sonrakı dövrlərdə elmin inkişafında misilsiz rol oynamışdırlar. Ümumiyyətlə, Aristotel bəşəriyyət tarixində ilk insandır ki, elmlərə sistemli yanaşmış və onların təsnifatını vermişdir.
Aristotelin çoxlu əsərləri zamanımıza gəlib çatmışdır. Bundan başqa Aristotelin fəlsəfi düşüncələri onun öyrəncilərinin və başqa yazarların əsərlərində də verilmişdir. Bir sıra tədqiqatçılar ehtimal edirlər ki, onun müəllifliyi ilə tanınan bəzi əsərlər ola bilsin Aristotelin deyil, başqa müəlliflər tərəfindən yazılmışdır.
Əsərlərin siyahısı
Məntiq (Orqanon)
- Kateqoriyalar / Κατηγοριῶν / Categoriae
- Yorumlamaq haqqında / Περὶ ἑρμηνείας / De interpretatione
- İlk analitika / ἀναλυτικά πρότερα / Analytica priora
- Sonrakı analitika / ἀναλυτικά ὑστερα / Analytica posteriora
- Topika / Τοπικῶν / Topica
- Sofistlərin təkzib edilməsi / Περὶ τῶν σοφιστικῶν ἐλέγχων / De sophisticis elenchis
Təbiət haqqında
- Fizika / Φυσικὴ ἀκρόασις / Physica
- Göy haqqında / Περὶ οὐρανοῦ / De caelo
- Yaranma və məhv olma haqqında / Περὶ γενέσεως καὶ φθορᾶς / De generatione et corruptione
- Meteorologiya / Τα μετεωρολογικά / Meteorologica
- Ruh haqqında / Περὶ ψυχῆς / De anima
- Təbiət haqqında / Parva naturalia («Малые сочинения о природе», цикл из 7 небольших трудов)
- Heyvanat aləminin tarixi / Περὶ τὰ ζὼα ἱστορίαι / Historia animalium
- Heyvanların hissələri haqqında / Περὶ ζῴων μορίων / De partibus animalium
- Heyvanların hərəkəti haqqında / Περὶ ζῴων κινήσεως / De motu animalium
- Heyvanların hərəkət üsulları haqqında / Περὶ ζῴων πορείας / De incessu animalium
- Heyvanların yaranması haqqında / Περὶ ζῴων γενέσεως / De generatione animalium
Metafizika
- Metafizika / Μετὰ τὰ φυσικά / Metaphysica
Etika və siyasət
- Nikomaxus əxlaqı / Ἠθικὰ Νικομάχεια / Ethica Nicomachea
- Evdem əxlaqı / Ἠθικὰ Εὐδήμεια / Ethica Eudemia
- Politika / Πολιτικά /Politica
Azərbaycan dilinə tərcümələri
- Aristotel. Poetika /tərc. ed., ön söz və şərhlərin müəl. A. Aslanov.- B.: Şərq-Qərb , 2006.-120 s.
Türk dilinə tərcümələri[redaktə | əsas redaktə]
- Aristoteles, Eudemos’a Etik, (Çev., S. Babür), Dost Kitabevi Yayınları, Ankara, 1999.
- Aristoteles, Fizik, (Çev., S. Babür) 2. Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001.
- Aristoteles, Gökyüzü Üzerine, (Çev., S.Babür) 1. Baskı, Dost Kitabevi Yayınları, Ankara, 1997.
- Aristoteles, İkinci Çözümlemeler, (Çev., A. Houshiary), Yapı Kredi Yayınları, İstanbul, 2005.
- Aristoteles, Kategoriler, (Çev., S. Babür) 2. Baskı, İmge Kitabevi Yayınları, Ankara, 2002.
- Aristoteles, Nikomakhos’a Etik, (Çev., S. Babür), Kebikeç Yayınları, Ankara, 2005.
- Aristoteles, Poietika (şiir sanatı üzerine), (Çev., N. Kalaycı), Bilim ve Sanat Yayınları, Ankara, 2005.
- Aristoteles, Yorum Üzerine, (Çev., S. Babür) 2. Baskı, İmge Kitabevi Yayınları, Ankara, 2002.
- Aristoteles, Atinalıların Devleti, (Çev., F.Akderin) 1. Baskı, Alfa Yayınları, İstanbul 2005.
- Aristoteles, Poetika,(Çev.Yılmaz Onay), Mitos-Boyut Yayınları, İstanbul 2008.
- Aristoteles ,Peri Poetika -Şiir Sanatı,Çeviren: Murat Temelli, ARK KİTAPLARI, İstanbul,2011
Xatirəsi
- Saloniki şəhərində universitet;
- Saloniki şəhərində bir meydan;
- Aristoteliya bitkisi;
- Ayda krater;
- Asteroid (6123 Aristoteles).
Aristotelin adını daşıyırlar.